“Volkswagen” 100 min nəfəri işdən çıxarmağa hazırlaşır
Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" xərcləri azaltmaq məqsədilə 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır. Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, şirkət ötən ay 2030-cu ilədək 50 min nəfərin işdən azad ediləcəyini açıqlamışdı. Eyni zamanda, Almaniyadakı istehsal gücünü də 500 min avtomobil azaltmağı planlaşdırdığını bildirmişdi. Həmçinin Almaniyanın "Manager Magazin" jurnalının yaydığı məlumata görə, şirkətdə işçi sayının əlavə 50 min nəfər də azaldılması gündəmdədir. Beləliklə, ümumi ixtisarların sayı 100 min nəfərə çata bilər. "Volkswagen" son aylarda qrup şirkətlərindən olan gəmi mühərrikləri istehsalçısı "Everllence" şirkətini "Bain Capital" özəl investisiya şirkətinə satıb. Şirkətin baş icraçı direktoru Oliver Blume yalnız avtomobil istehsalı biznesinə fokuslanmaq istədiklərini bildirib. İşdən çıxarmalarla bağlı planın iyulun 9-da keçiriləcək rəhbərlik iclasında təsdiq üçün təqdim olunacağı gözlənilir. Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Şərh verin