Beyləqanda 26 İyun-Silahlı Qüvvələr Günü qeyd edildi — Fotolar

Bu gün 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə tədbir keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və hərbi qulluqçular iştirak ediblər. Əvvəlcə hərbi hissənin şəxsi heyəti sıra meydanında düzülüb. Hərbi hissənin qərargah rəisi şəxsi heyətin tədbirə hazırlığı və düzülüşü barədə komandirə məruzə edib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  Dövlət Himni səsləndirilib. Daha sonra hərbi hissənin komandiri çıxış edərək Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik məktubunu şəxsi heyətə çatdırıb. Həmçinin Raket və Artilleriya Qoşunlarının komandanı general-mayor Ağamir Sultanovun bayram münasibətilə təbrikini iştirakçıların diqqətinə çatdırıb. Rəsmi hissədə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin və peşəkarlığının ildən-ilə daha da möhkəmlənməsindən bəhs edib. Bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq xalqımızın qürur mənbəyinə çevrilib. Tədbirdə çıxış edən Füzuli hərbi prokuroru Elçin Hacıyev, Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatının sədri Müşfiq Səfərov və digərləri ordumuzun qüdrətindən, dövlət tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən danışaraq şəxsi heyəti bayram münasibətilə təbrik ediblər. Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara hərbi hissənin rəhbərliyi tərəfindən müxtəlif təltiflər, hədiyyələr və növbəti hərbi rütbələr təqdim olunub. Həmçinin 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bir qrup hərbi qulluqçu Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatı tərəfindən də bir qrup hərbi qulluqçuya fəxri fərman və hədiyyələr təqdim olunub. Sonda hərbi hissənin şəxsi heyəti Dövlət Bayrağı ilə təntənəli keçid edib.