DÇ-2026: Fransa və Meksika 1/8 finala yüksəldi

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib. Milli.Az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra daha iki komandanın 1/8 finaldakı rəqibləri müəyyənləşib. Günün diqqətçəkən görüşlərindən birində Fransa millisi İsveç yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Fransa yığmasının heyətində Kilian Mbappe iki dəfə, Bredli Barkolya isə bir dəfə fərqlənərək komandasının növbəti mərhələyə yüksəlməsində əsas pay sahibi olub. Bu nəticədən sonra Fransa millisi 1/8 finalda Paraqvay yığması ilə qarşılaşacaq. Günün digər oyununda isə Meksika millisi Ekvadoru 2:0 hesabı ilə məğlub edərək adını 1/8 finala yazdırıb. Meksikalıların qollarını 22-ci dəqiqədə Xulian Kinyones, 31-ci dəqiqədə isə Raul Ximenes vurublar. Qarşılaşmanın əlavə olunmuş vaxtının beşinci dəqiqəsində Ekvador millisinin müdafiəçisi Pyero İnkapye qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb və komandasını azlıqda qoyub. Meksika millisi növbəti mərhələdə İngiltərə və Konqo Demokratik Respublikası cütünün qalibi ilə üz-üzə gələcək. 1/8 final qarşılaşmasının iyulun 6-na keçən gecə Mexikoda keçirilməsi planlaşdırılır. Qeyd edək ki, bu nəticə Meksika millisinin 1986-cı ildən bəri ilk dəfə dünya çempionatının pley-off mərhələsinin ilk raundunu adlaması ilə tarixə düşüb. Bununla da DÇ-2026-da 1/8 finala yüksələn komandaların sırasına Fransa və Meksika da qoşulub. Daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş və Norveç yığmaları növbəti mərhələyə vəsiqəni təmin etmişdilər. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)