“Bu, Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir”

“Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə və diplomatik danışıqlarda ardıcıl şəkildə əksini tapıb. Ölkəmizlə Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir”. “Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda müşahidə edilən geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də bir sıra yeniliklərə səbəb olmaqdadır: “Son illər tərəflər arasında münasibətlər əhəmiyyətli dərəcədə güclənməkdədir. Bu il martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında Aİ-nin Xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın  Azərbaycana səfəri Aİ-nin ölkəmizə verdiyi önəmin ifadəsidir. İyulun 1-də isə Avropa Komissiyasının Prezidenti  Ursula  Fon der Lyayenin ölkəmizə  səfəri 27 ölkəni birləşdirən Aİ ilə münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirilə bilər. Avropa Komissiyasının Prezidentinin Azərbaycanı Aİ-nin strateji tərəfdaş adlandırması,  Azərbaycanın regionda liderliyini və sülh gündəliyinin memarı olduğunu qeyd etməsi və Prezident İlham Əliyevin liderliyini xüsusilə vurğulaması bugünün geosiyasi reallığının mənzərəsidir”. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın çox kritik regionda coğrafiyanı və özünün üstün infrastruktur imkanlarını birləşdirən, regional sabitliyi təmin edən güclü dövlət olduğu Aİ tərəfindən qəbul olunur.: “Əslində, hazırkı siyasət Azərbaycanın strateji mövqeyini və gələcəyə aydın baxışını ifadə edir. Nəzərə alaq ki, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Digər tərəfdən, Azərbaycan Avropa İttifaqının bir sıra üzvləri ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri bütövlükdə regionumuz üçün önəmlidir. Xanım Lyayenin Azərbaycana reallaşan səfəri də məhz yeni reallıqlar fonunda olduqca müsbət dəyərləndirilə bilər”. Samir Vəliyev qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “2022-ci ildə Ukrayna müharibəsi səbəbindən Aİ-nin  Rusiya ilə münasibətlərində ciddi problem yarandı. Aİ Rusiya  qazına görə çətin vəziyyətə düşdüyü üçün Azərbaycana müraciət etdi. Həmin ilin  iyulunda Avropa Komissiyasının Prezidenti xanım Lyayenin ölkəmizə səfəri zamanı enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu imzalandı. O vaxtdan bu günə qədər ölkəmiz Aİ-yə qaz ixracını 65 faiz artırıb, hazırda Aİ-nin 10 ölkəsi Azərbaycan qazının alıcısıdır. Prezident İlham Əliyevin mətbuata bəyanatı zamanı dediyi kimi, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. “Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir. Bağlantı birmənalı olaraq müzakirələrimizin mühüm hissələrindən biridir. Azərbaycan regional daşımalar layihələrinin bir çox hallarda fəal iştirakçısı və təşəbbüskarıdır. Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı”, - deyə dövlətimizin başçısı vurğulayıb. Deputat xatırladıb ki, Aİ-nin Cənubi Qafqazla ticarət dövriyyəsinin 70 faizi Azərbaycanın payına düşür. Bununla yanaşı, tərəflər arasında enerji dialoqu yaşıl enerji koridoru üzrə də inkişaf edir. Belə ki, Azərbaycanın yaşıl enerji potensialı + Mərkəzi Asiya ölkələrinin  potensialı Avropaya doğru yeni dəhliz açılır. Burada da dövlətimizin mövqeyi və rolu həlledicidir.  Ursula Fon der Lyayenin  enerji ilə yanaşı enerji konnektiviti üzrə tərəfdaşlıq platformasının yaradılmasını təklif etməsi də bu baxımdan təqdirəlayiqdir. “Mətbuata bəyanat zamanı regionda sülh gündəliyi haqqında da mövqe bildirildi. Prezident İlham Əliyevin dediyi kimi, sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atmışıq. Avropa Komissiyasının Prezidenti isə dövlətimizin başçısının regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətləri nümayiş etdirdiyini bəyan edib”, - deyən deputat əlavə edib ki, xanım Lyayenin Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin gücləndirilməsi üçün sərhədyanı bölgələrdə 20 milyon avroluq Aİ-nin yardım paketi təklifi sülhün iqtisadi faydaları üzrə gündəliyinin formalaşmasında vacib rol oynaya bilər. “Beləliklə, Azərbaycan beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirir. Dünyanın  güc mərkəzləri ilə tərəfdaşlıq - Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlığı, Çin ilə hərtərəfli tərəfdaşlıq münasibətləri, Avropa İttifaqı ilə isə strateji xarakter daşıyan əlaqələri Azərbaycan Prezidentinin xarici siyasətinin çox uğurlu nəticəsidir. Bu siyasət bundan sonra da ölkəmizə böyük nailiyyətlər qazandıracaq”, - Samir Vəliyev qeyd edib.