Ermənistan Pakistana ilk səfirini təyin etdi

Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib. “Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb. Pakistana yeni təyin olunmuş səfirin iqamətgahının Əbu-Dabi şəhərində olacağı bildirilir. K. Qriqoryan həm də Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır. Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında sənəd 31 avqust 2025-ci ildə Tyantszin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində imzalanıb. Bundan əvvəl Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğal faktına görə isə Ermənistanı dövlət olaraq tanımaqdan imtina etmişdi.