Azərbaycanda at əti niyə geniş yayılmayıb?

At ətinin istehlakı illərdir cəmiyyətdə mübahisə doğuran mövzulardan biridir. Bir qrup insan bunu tamamilə yolverilməz hesab etdiyi halda, dünyanın bir çox ölkəsində at əti gündəlik qidalanmanın tərkib hissəsi kimi istifadə olunur. Mövzu ilə bağlı qida eksperti Ağa Salamov Milli.Az-a açıqlamasında bu ətin düzgün şəraitdə yetişdirilmiş heyvanlardan əldə olunduğu halda istehlak üçün yararlı olduğunu bildirib. Ekspert qeyd edib ki, "at əti yeyilməz" fikri doğru deyil: "At əti yeyilə bilər. Mən özüm də Şuşada keçirilən Türk Mətbəxi Festivalında müxtəlif üsullarla hazırlanmış at ətlərinin dadına baxmışam. Qazaxıstan başda olmaqla bir sıra türk dövlətlərindən hisə verilmiş, bastırma edilmiş və digər üsullarla emal olunmuş at əti məhsulları nümayiş etdirilmişdi". A.Salamovun sözlərinə görə, hər atın əti qida üçün uyğun hesab edilmir: "Yarışlarda istifadə olunan, yük daşıyan, çobanların mindiyi və ağır işlərdə çalışan atların ətinin yeyilməsi məqsədəuyğun deyil. Bu heyvanların əzələ toxuması daha inkişaf etmiş olur, buna görə də ətləri sərt və keyfiyyət baxımından aşağı sayılır. Bu cür ətin istehlakı insanı zəhərləmir, lakin keyfiyyətli hesab edilmir". Qida eksperti vurğulayıb ki, istehlak üçün yalnız qida məqsədilə xüsusi fermalarda yetişdirilən atların ətindən istifadə olunmalıdır: "Yemək üçün nəzərdə tutulan atlar xüsusi fermalarda saxlanılır, kökəldilir və yalnız ət istehsalı məqsədilə yetişdirilir. Onlar nə yarış, nə də yük heyvanı kimi istifadə edilir". A.Salamov bildirib ki, Azərbaycanda belə istehsalın mövcudluğu barədə məlumatı yoxdur: "Mən tanıdığım belə bir müəssisə yoxdur. Buna görə də ölkə daxilində mənşəyi məlum olmayan at ətinin istehlakını düzgün hesab etmirəm". Ekspert əlavə edib ki, xaricdən idxal olunan at ətindən və onun məhsullarından istifadə mümkündür: "Lakin bu zaman məhsulun baytarlıq nəzarətindən keçməsi, sanitar-gigiyena və qida təhlükəsizliyi qaydalarına uyğun istehsal olunması, həmçinin etiketində tərkibində at əti olduğu açıq şəkildə göstərilməlidir". Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)