Əfsanəvi aktyor uşaqlıq arzusunu 88 yaşında reallaşdırdı — Video
Hollivudun əfsanəvi aktyoru, ikiqat “Oskar” mükafatı laureatı Entoni Hopkins 88 yaşında uşaqlıq arzusunu reallaşdırmağa hazırlaşır. “Qafqazinfo” xəbər verir ki, məşhur aktyor ilk musiqi albomunu təqdim edəcək. Hopkins nüfuzlu “Decca Classics” səsyazma şirkəti ilə müqavilə imzalayıb və 60 ildən artıq müddətdə gizli şəkildə üzərində çalışdığı bəstələrini “Həyat bir xəyaldır” (“Life Is a Dream”) adlı albomda bir araya gətirib. Albomun gələn ay işıq üzü görəcəyi bildirilir. Albomdan yayımlanan ilk sinql – “Bracken Road” artıq rəqəmsal platformalarda dinləyicilərin ixtiyarına verilib. Aktyor bu əsəri 1963-cü ildə, Liverpulda gənc teatr aktyoru olduğu dövrdə yazıb. Bəstə onun 1940-cı illərdə Uelsdə keçirdiyi uşaqlıq xatirələrindən ilhamlanıb. Uelsin Port-Talbot şəhərində anadan olan Hopkins dörd yaşından fortepiano çalmağa başlayıb. O, musiqinin həyatında kinodan daha əvvəl yarandığını və həmişə ən böyük ehtiraslarından biri olduğunu bildirib. Qremmi mükafatı laureatı dirijor Qustavo Dudamelin rəhbərliyi altında Filarmoniya Orkestrinin ifa etdiyi albomda violonçel ifaçısı Qreqorio Nieto və pianoçu Serxio Tiempo kimi tanınmış musiqiçilər də yer alıblar. Albomun diqqət çəkən əsərlərindən biri olan “My Homeland” (“Mənim vətənim”) bəstəsi isə aktyorun Uelsdəki köklərinə və çörəkçi atasına ithaf olunub. Entoni Hopkins musiqi yaradıcılığı barədə danışarkən bunları deyib: “Musiqi mənim ilk arzum idi. Bütün həyatım boyu mahnılar bəstələmişəm. Bu əsərlərin bəziləri onilliklər ərzində mənimlə yaşayıb və mən hələ də onlara qayıdıram. Bütün həyatım bir xəyaldır. “Decca” ilə əməkdaşlıq etmək mənim üçün böyük şərəfdir”. Bu, Hopkinsin musiqi dünyasına ilk addımı deyil. O, 1964-cü ildə “And the Waltz Goes On” adlı vals bəstələsə də, uzun illər əsəri təqdim etməyə cəsarət etməyib. Yalnız 2011-ci ildə aktyorun həyat yoldaşı notları məşhur skripkaçı və dirijor Andre Ryeyə təqdim edib. Həmin il əsər Vyanada, Entoni Hopkinsin iştirakı ilə səhnəyə qoyulub və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Şərh verin