“BTQ dekolonizasiya məsələsini gündəmə çıxarmağa nail olub”

“Bakı Təşəbbüs Qrupu müxtəlif beynəlxalq platformalarda həyata keçirdiyi fəaliyyət vasitəsilə dekolonizasiya məsələsini təkcə siyasi müstəvidə deyil, digər istiqamətlərdə də beynəlxalq təşkilatların gündəminə çıxarmağa nail olub”. “Qafqazinfo” APA-ya istinaddən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib. O bildirib ki, hazırda BMT, onun təsisatları, Qoşulmama Hərəkatı və digər beynəlxalq institutlar dekolonizasiya ilə bağlı məsələləri mütəmadi olaraq gündəmə gətirirlər. “Bu, maarifləndirmə fəaliyyətinin nəticəsidir. Şübhəsiz ki, bu prosesdə media nümayəndələri və informasiya agentlikləri əvəzsiz rol oynayıblar. Bakı Təşəbbüs Qrupu adından, eləcə də dekolonizasiya prosesinə cəlb olunmuş bütün tərəflər adından media nümayəndələrinə və informasiya agentliklərinə dərin minnətdarlığımı bildirirəm”, - Abbas Abbasov vurğulayıb.