TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

TƏBİB və “Azerconnect Group” arasında vətəndaşlara göstərilən tibbi xidmətlərin operativliyinin artırılması və müasir texnoloji həllərin tətbiqi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanmış müqaviləyə əsasən "103" Çağrı Mərkəzinin texnoloji imkanlarının genişləndirilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt əsaslı təkmilləşdirilmiş naviqasiya həllərinin tətbiqi baş tutacaq. Həmçinin tərəfdaşlıq çərçivəsində vətəndaş çağırışlarının yerinin məkan üzrə daha dəqiq müəyyən edilməsi, təcili tibbi yardım briqadalarının hərəkətinin optimallaşdırılması və hadisə yerinə çatma müddətinin daha effektiv idarə olunmasına imkan yaradan texnoloji həllərin icrası planlaşdırılır. TƏBİB-in İcraçı direktoru Anar Bayramov qeyd edib ki, sözügedən müqavilə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına və nəticədə vətəndaş məmnuniyyətinin yüksəldilməsinə yönəlib: "Məqsədimiz təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin müasir tələb və çağırışlara uyğun inkişafını təmin etməklə vətəndaşlara daha operativ tibbi yardım göstərməkdir. Bu istiqamətdə həyata keçirilən rəqəmsal transformasiya tədbirləri resurslardan səmərəli istifadəyə, təcili tibbi yardım komandalarının koordinasiyasının daha da təkmilləşdirilməsinə və hadisə yerinə çatma müddətinin azaldılmasına xidmət edəcək. “Azerconnect Group” ilə əməkdaşlıq da məhz bu strateji inkişaf xəttinin mühüm tərkib hissəsidir”. “Azerconnect Group”un baş direktoru Emil Məsimov isə əməkdaşlıq çərçivəsində tətbiqi nəzərdə tutulan yeni nəsil texnoloji həllərin tibbi xidmətlərin daha çevik və vətəndaşyönümlü təşkilinə mühüm töhfə verəcəyini bildirib: “Qrup şirkətlərimizdə geniş əhali kütləsinə telekommunikasiya, internet və digər rəqəmsal xidmətlərin təqdim edilməsi üzrə uzun illərdən bəri ciddi təcrübə formalaşmışdır. İnanıram ki, yüksəkkeyfiyyətli xidmətlərin təqdim olunması və ən yeni texnoloji həllər tətbiqində qazandığımız bu zəngin təcrübə TƏBİB ilə əməkdaşlığımıza xüsusi dəyər qatacaq”. Qeyd edək ki, tərəflər "103"ə daxil olan səsli zənglərin avtomatik təhlili, istifadəçi davranışlarına uyğun xidmət və məlumatların təqdim olunması, eləcə də digər innovativ həllərin tətbiqi istiqamətində də əməkdaşlıq edəcəklər.