BMU nazirliyin proqramında I yeri tutdu — Fotolar
Bakı Mühəndislik Universitetinin (BMU) “Qırmızı Cəsurlar” komandası Müdafiə Sənayesi Nazirliyinin “Milli Tədqiqatların Dəstəklənməsi Proqramı” çərçivəsində icra edilən “Milli Energetik Materialların İnkişafı Proqramı”nda I yerin qalibi olub. “Qafqazinfo” xəbər verir ki, komandaya mükafatı müdafiə sənayesi naziri Vüqar Mustafayev təqdim edib. Qaliblərin mükafatlandırılması və proqramın 2025-2026-cı tədris ili üzrə yekunları Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda keçirilən “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günündə elan olunub. Bu uğur BMU-da elmi-tədqiqat fəaliyyətinin inkişafı, innovativ yanaşmaların təşviqi və tətbiqyönümlü mühəndislik həllərinin hazırlanması istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilib. Tədbir çərçivəsində universitet-sənaye əməkdaşlığına verdiyi mühüm və səmərəli töhfələrə görə BMU rəhbərliyinə xüsusi təşəkkürnamə təqdim olunub. Eyni zamanda, adıçəkilən proqramı uğurla başa vuran BMU tələbələri sertifikatlarla təltif ediliblər. Komandanın müsabiqədə qazandığı mühüm qələbə BMU-da formalaşmış güclü elmi potensialın, tələbə və gənc tədqiqatçıların innovativ layihələrə cəlb olunması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin, eləcə də universitet-sənaye əməkdaşlığının səmərəli nəticəsinin göstəricisidir. Eyni zamanda, bu nailiyyət ölkədə müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində milli elmi-tədqiqat potensialının gücləndirilməsinə, yerli innovativ həllərin hazırlanmasına və yüksəkixtisaslı mühəndis kadrların yetişdirilməsinə BMU-nun verdiyi töhfənin bariz nümunəsidir.

Şərh verin