Həmin epizoda görə ölümlə təhdid edilir — Fotolar

Dünya çempionatının dörddəbir finalında İngiltərəyə məğlub olaraq turnirlə vidalaşan Norveç millisinin üzvü Aleksandr Sörlot sərt tənqidlərin hədəfinə çevrilib. “Qafqazinfo” xəbər verir ki, 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatan qarşılaşmada İngiltərə əlavə vaxtda vurduğu qolla 2:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Matçın ən çox müzakirə olunan məqamlarından biri isə Sörlotun 44-cü dəqiqədə qaçırdığı əlverişli fürsət olub. Sürətli əks-hücum zamanı topu qəbul edən hücumçu sərbəst vəziyyətdə olan komanda yoldaşı Erlinq Haalanda ötürmə vermək əvəzinə, epizodu özü tamamlamağa çalışıb. Lakin onun zərbəsi müdafiəçilər tərəfindən bloklanıb. Bundan cəmi bir neçə dəqiqə sonra İngiltərə Cud Bellinqemin qolu ilə hesabı bərabərləşdirib. Oyundan sonra Norveç azarkeşlərinin bir qismi məğlubiyyətə görə Sörlotu günahlandırıb. Sosial şəbəkələrdə futbolçunun qərarı müzakirələrə səbəb olub, bəzi istifadəçilər isə onu təhdid edən mesajlar paylaşıblar. Sörlotun sevgilisi Lena Selnes də instaqram hesabında futbolçuya ünvanlanan təhqir və ölüm təhdidlərini əks etdirən paylaşımlar edib. Lena Selnesin paylaşımında azarkeşlərin futbolçunu təhqir etdiyi, ona ölüm təhdidləri göndərdiyi və Norveçi tərk etməsini tələb etdiyi çoxsaylı şərhlər yer alıb. Matçdan sonra epizodla bağlı danışan Aleksandr Sörlot qərarını belə izah edib: “Topu qəbul etdim, toxundum və yuxarı baxdım. Həmin anda Con Stounsun mövqeyi Erlinq Haalandla ötürmə xəttimi bağlamışdı. Sonra bir daha toxundum və başa düşdüm ki, bu, səhv qərar idi. Müdafiəçinin hərəkət etməsini gözlədim. Əslində, həmin anda istədiyim yalnız Haalanda ötürmə vermək idi. Amma saniyənin kiçik bir hissəsində bunun mümkün olmadığını, ötürmə yolunun bağlandığını hiss etdim və zərbə vurmağa qərar verdim. Təəssüf ki, alınmadı”.