Trampdan İrana yeni təhdid — “Danışıqlar masasına qayıtmasalar...”

ABŞ Prezidenti Donald Tramp İranın danışıqlar masasına qayıtmayacağı təqdirdə ölkənin infrastrukturunu hədəf alacaqları ilə bağlı sərt açıqlama verib. “Qafqazinfo”nun xəbərinə görə, Tramp “Fox News” telekanalına müsahibəsində gələn həftə İrandakı elektrik stansiyaları və körpülərə zərbələr endirilə biləcəyini bildirib. “Sabah gecə onlara çox sərt zərbə endirəcəyik. Növbəti gecə də eyni olacaq. Gələn həftə isə onlar üçün daha pis olacaq, çünki elektrik stansiyaları və körpülər hədəfə çevriləcək. Əgər danışıqlar masasına qayıtmasalar, bütün körpülərini dağıdacağıq”, – deyə ABŞ lideri vurğulayıb. Tramp qeyd edib ki, İranla danışıqlar davam etsə də, Tehran Hörmüz boğazında gəmiçiliyin hərəkətini məhdudlaşdırdığı müddətdə prosesdə irəliləyiş əldə etmək çətin olacaq. ABŞ Prezidenti həmçinin bildirib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar “kifayət etdiyini düşünənə qədər” davam edəcək. Quru əməliyyatı ehtimalına da toxunan Tramp belə bir ssenarini istisna etməyib: “Bəzən quru əməliyyatına ehtiyac yaranır, amma bizim üçün bunu həyata keçirəcək başqa qüvvələr də var. Bununla belə, mən belə bir addım atmaq istəmirəm”.