Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Tovuzda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Tovuz rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, sentyabrın 18-də Tovuz rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Y.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir. Milli.Az