Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Serbiya Respublikasından ölkəyə ekstradisiya olunub. Milli.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Serbiyada müəyyən edilən Məmmədov Səbuhi Elburus oğlu iyulun 19-da Azərbaycana gətirilib. Məlumata görə, o, 2023-cü ildə etibardan sui-istifadə və aldatma yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda - 90 milyon 869 min 964 manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd olunub ki, Baş Prokurorluğun sorğusu və iki ölkənin aidiyyəti qurumları arasında aparılan danışıqlardan sonra onun ekstradisiyasına razılıq verilib. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin əməkdaşları tərəfindən Belqraddan Bakıya gətirilib. Məhkəmənin qərarına əsasən, o, istintaq təcridxanasına yerləşdirilib. Ədliyyə Nazirliyi bildirib ki, beynəlxalq axtarışda olan şəxslərin ölkəyə gətirilməsi istiqamətində xarici dövlətlərlə əməkdaşlıq davam etdirilir. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)