Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alındı
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları Lənkəran penitensiar müəssisəsinə narkotik vasitənin keçirilməsi cəhdinin qarşısını alıblar. Milli.Az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri çərçivəsində məhkumla qısamüddətli görüşə gələn qardaşının gətirdiyi sovqata baxış keçirilib. Yoxlama zamanı diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülər aşkarlanıb. Həmin bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. Penitensiar Xidmət bir daha xatırladıb ki, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyəti yaradır. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Şərh verin