Elxan Səmədov yenidən PFL prezidenti seçildi

Bu gün keçirilən Peşəkar Futbol Liqasının (PFL) Ümumi Yığıncağında qurumun rəhbərliyi ilə bağlı seçki baş tutub. Milli.Az xəbər verir ki, tədbirdə PFL rəhbərliyi, AFFA rəsmiləri, klub nümayəndələri və digər qonaqlar iştirak ediblər. Səsvermə hüququna malik üzvlərin iştirakı ilə yetərsay təmin olunduqdan sonra iclasın gündəliyi təsdiqlənib. Yığıncaqda əvvəlcə PFL-in son dörd ildəki fəaliyyəti və maliyyə hesabatı təqdim olunub. Hesabatların müzakirəsindən sonra növbəti dörd il üçün prezident seçkisi keçirilib. Yeganə namizəd olan Elxan Səmədov səsvermənin nəticələrinə əsasən yekdilliklə növbəti dörd il müddətinə Peşəkar Futbol Liqasının prezidenti seçilib. Sonda PFL-in yeni İdarə Heyətinin tərkibi də təsdiqlənib. Növbəti dörd il ərzində qurumun rəhbər heyətində vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, həmçinin idman işləri üzrə müşavir Məlik Həsənov təmsil olunacaqlar. Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)