"Bloqer" maskası düşəndə: Hüseynovla Sadıqlını susduran gerçək
2026-cı ilin fevral ayının 15-i. Almaniyanın Münhen şəhərində keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransının son günü. Dünyanın aparıcı dövlət başçıları, diplomatları və təhlükəsizlik ekspertləri bir araya gəlmiş, qlobal sülh və sabitlik məsələlərini müzakirə edirdilər. Konfrans zalının ağır qapıları arxasında hələ də yüksək səviyyəli danışıqların əks-sədası eşidilirdi. Məhz bu anda Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva zalı tərk edirdi.Onun addımları sakit, ölçülüb-biçilmiş idi. Ətrafında təhlükəsizlik əməkdaşları, yanında isə rəsmi nümayəndə heyətinin üzvləri. Zalın çıxışında, dəhlizin genişliyində birdən arxadan tanış olmayan, lakin qəsdən yüksəldilmiş bir səs ucaldı. Uzun illərdir ki, öz vətənində yaşamayan, həyatını fasiləsiz və primitiv özünüreklam vasitəsinə çevirmiş, hər fürsətdə diqqət cəlb etmək üçün səhnə axtaran Emin Hüseynov "demokratiya ilə bağlı sual" vermək qərarına gəlmişdi. O, konfransın kənarında, qapı ağzında dayandıqca təxribat cəhdlərini davam etdirir, kameraların qarşısında özünü "müstəqil jurnalist" kimi göstərməyə çalışırdı. Mehriban xanım dayandı. Başını yavaşca çevirdi. Səsi qaldırmadan, adi, demək olar ki, gündəlik tərzdə soruşdu: - Siz kimsiz? Cavab gəldi. Adı eşitdi. O an zalın çıxışında, dəhlizin soyuq işıqları altında qısa bir sükut yaranmışdı. Ətrafda dayananlar nəfəsini kəsmişdi. Mehriban xanım isə heç bir tələsik hərəkət etmədi, səsini qaldırmağa ehtiyac duymadı. Onun cavabı qısa, demək olar ki, adi, amma dərin müdrikliklə yüklənmiş idi. Sakit, aydın və qətiyyətlə dedi: - Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram... Bu sözlər zalın əks-sədasında batdı. Vaxtilə Bakıda İsveçrə səfirliyində gizlənərkən paltarını dəyişib, zahiri görünüşünü tanınmaz hala salaraq, saçını, saqqalını boyayıb, rəngli linzalar taxaraq qaçmağa məcbur olan bir insanın keçmişi bir anlıq bütün zalın qarşısına çıxmışdı. Heç bir ittiham, heç bir yüksək ton, heç bir emosional partlayış yox idi. Yalnız soyuqqanlı, zərif və sarsılmaz bir xatırlatma. Sonra Birinci Vitse-Prezident sakitcə başını çevirdi, addımlarını davam etdirdi və yoluna getdi - sanki heç nə olmamış kimi, lakin hər kəs başa düşdü ki, bu qısa dialoq uzun illərin hekayəsini bir cümlə ilə bağlayıb.Hadisənin şahidi olanlar sonralar deyirdilər: o an zalın çıxışında yalnız iki insan dayanmırdı. Bir tərəfdə dövlətçilik ləyaqəti, digər tərəfdə isə illərlə özünü reklam edən, vətəndən uzaqda yaşayan bir fiqurun boş səsi. Mehriban xanım Əliyevanın cavabı isə heç bir şərhə ehtiyac duyulmadan gerçəyi nümayiş etdirdi. Bir neçə ay keçdi. Berlin. 2026-cı ilin iyulu. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri. Dövlət başçısının köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev. O, aramla Tural Sadıqlıya yaxınlaşır. Özünü "bloqer", siyasi mühacir və jurnalist kimi təqdim edən, uzun illərdir Almaniyada məskunlaşaraq Azərbaycanı tənqid etməyi həyat tərzinə və qazanc vasitəsinə çevirən bir şəxs. Özünü jurnalist kimi təqdim edir. Suallar verir. Hikmət Hacıyev söhbətdən yayınmır. Səsini qaldırmır. Sakit, amma sərt danışır: "Sizə elə gəlir ki, Azərbaycanda hamı sizin verilişlərinizə baxır. Amma açıq danışsaq, vəziyyət tamamilə fərqlidir. Amma mən başqa bir məqama toxunmaq istəyirəm. Məncə, ən ağır əməl Vətənə və dövlətə xəyanətdir. Belə insanlara ürəkdən acıyıram. Hesab edirəm ki, bu, çox böyük bədbəxtlikdir". Ardınca əlavə edir: "Siz özünüzü jurnalist adlandırırsınız. Bu, sizin mövqeyinizdir. Ancaq mənim jurnalistika barədə təsəvvürüm tamamilə başqadır... Sizin etdiyiniz iş müəyyən mənada bloqer fəaliyyətidir. Siz şantaj mühiti yaradırsınız. Bu, jurnalistika deyil". Hikmət Hacıyev Sadıqlıya xatırladır ki, o, ölkəni şəxsi səbəblər üzündən tərk edib. Həyatdakı bütün uğursuzluqlarına görə Azərbaycanı sonsuzadək ittiham etmək olmaz. Hər bir insan ilk növbədə öz qərarlarına görə cavabdehdir. Sonra isə doğma torpağından kənarda yaşayan adamın qulağını xüsusilə ağrıdan həmin sözləri deyir: "Sizə ürəkdən acıyıram..." İki epizod. Biri dövlət hakimiyyətinin, Azərbaycan dövlətçiliyinin yumşaq, lakin sarsılmaz gücünü təcəssüm etdirən Mehriban xanım Əliyeva. Digəri dünya ilə emosiyaların deyil, faktların dili ilə danışmağa vərdiş etmiş təcrübəli diplomat və dövlət xadimi Hikmət Hacıyev. Qarşılarında isə heç bir çəkisi qalmayan, xalqın adından danışmaq haqqını itirmiş şəxslərdən gedir. Hüseynov, Sadıqlı və onların kimiləri Azərbaycan daxilində heç bir real nüfuza malik deyillər. Onlar cəmiyyət tərəfindən kənara atılıblar. Emin Hüseynov vaxtilə jurnalistləri "müdafiə etdiyini" iddia edən bir quruma rəhbərlik edib. Tural Sadıqlının da bəlkə nə vaxtsa müəyyən jurnalist ambisiyaları olub. Fəqət hər ikisi nəticədə ölkə daxilində çətin və məsuliyyətli fəaliyyət göstərmək əvəzinə, kənardan "ifşaçı" rolunda çıxış etməyin rahat yolunu seçib. Biri səfirlikdə gizlənib, zahiri görünüşünü dəyişib, qadın paltarı geyinib. Digəri ölkədən gedərək Avropaya Almaniyada "milyonlarla" azərbaycanlının yaşadığını danışmağa başlayıb. Hikmət Hacıyev isə sakit şəkildə düzəliş edib. Rəqəmləri şişirtməyə ehtiyac yoxdur, söhbət xeyli daha aşağı göstəricidən gedir. Hər ikisi özünəməxsus şəkildə sadəcə dövlətə xəyanət etməyib. Onlar öz xalqlarına faydalı olmaq imkanını da ayaqlar altına atıblar. Emin Hüseynov barəsində 2014-cü ildə cinayət işi başlanıb. Azərbaycan Prokurorluğu Cinayət Məcəlləsinin 192-ci, qanunsuz sahibkarlıq, 213-cü, vergidən yayınma və 308.1-ci, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürüb. Daha sonra ittihama 313-cü, vəzifə saxtakarlığı maddəsi də əlavə olunub. O, İsveçrə səfirliyində gizlənərkən, görünüşünü dəyişdirərək İsveçrədən gələn məmurun təyyarəsi ilə ölkədən çıxarılmasını gözlədiyi vaxt məhkəmə onu qiyabi qaydada təqsirli bilib. Onu on iki ilədək həbs cəzası gözləyə bilərdi. Hüseynov qaçdı. O vaxtdan bəri onun əsas sərmayəsi köhnə inciklik və özünü qurban kimi təqdim etmək vərdişidir. Beynəlxalq təşkilatlar, təbii ki, dərhal "siyasi təqib" barədə hay-küy qaldırdılar. Lakin fakt faktlığında qaldı. Qeyri-hökumət təşkilatındakı maliyyə pozuntuları, dondurulmuş hesablar və istintaqın yetərli hesab etdiyi sübutlar ortada idi. Öz suverenliyinə hörmət edən istənilən dövlətdə bu cür əməllər "demokratiya uğrunda mübarizə" deyil, dövlətə qarşı cinayət kimi qiymətləndirilir. Tural Sadıqlı isə daha da irəli gedib. 2019-cu ilin mayında onun barəsində cinayət işi başlanıb. O, beynəlxalq axtarışa verilib. 2025-ci ilin martında Baş Prokurorluq onu Bakıya çağırıb. İttihamlar Azərbaycan Cinayət Məcəlləsinin 178.1-ci, dələduzluq, 220.2-ci, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşların təşkili, 281.2-ci, milli, irqi və ya sosial düşmənçiliyin qızışdırılması və 320.1-ci, bilə-bilə yalan xəbərçilik maddələri üzrə irəli sürülüb. 2025-ci il dekabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu qiyabi qaydada on dörd il müddətinə azadlıqdan məhrum edib. ABŞ-dan Almaniyaya qədər istənilən hüquq sistemində kütləvi iğtişaşların təşkilində və düşmənçiliyin qızışdırılmasında təqsirli bilinən şəxs "siyasi mühacir" deyil, cinayətkar hesab olunur. Beynəlxalq hüququn bu məsələyə münasibəti son dərəcə aydındır. BMT Nizamnaməsinin 2-ci maddəsi dövlətlərin suverenliyini və ərazi bütövlüyünü təsbit edir. Daxili məsələlər isə yalnız həmin ölkənin öz səlahiyyət dairəsinə daxildir. Bütün ərazisi üzərində nəzarəti bərpa etmiş Azərbaycan onun maraqlarına qarşı fəaliyyət göstərən vətəndaşlarına münasibətdə öz Cinayət Məcəlləsini tətbiq etmək hüququna tam malikdir. Bunun onlarla presedenti var. ABŞ düşmən qüvvələrlə əməkdaşlıq edən şəxsləri xarici agentlər haqqında qanun və dövlətə xəyanətlə bağlı maddələr əsasında təqib edir. Türkiyə milli birliyə qarşı təbliğat aparanları mühakimə edir. Rusiya "xarici agent" statusları tətbiq edir. Fransa və Böyük Britaniyada da analoji hüquqi normalar mövcuddur. Saıqlı və Hüseynovun fəaliyyəti obyektiv olaraq onilliklər boyu Azərbaycanı daimi zəiflik vəziyyətində saxlamağa çalışan qüvvələrin maraqlarına xidmət edir. 2020-ci ildən, xüsusilə də 2023-cü ildən sonra xaricdən Bakının sistemli şəkildə qaralanması, daxili problemlərin "rejim böhranı" səviyyəsinə qədər şişirdilməsi, Avropa institutlarına müraciət edilərək Azərbaycana təzyiq göstərməyə çağırışlar səsləndirilməsi revanşda maraqlı olan qüvvələrə birbaşa xidmətdir. ... Ən ağır əməl Vətənə xəyanətdir. Hüquqi mənada yox. İnsani mənada. Vətənsiz yaşamaq həqiqətən də böyük bədbəxtlikdir. Hətta əlində yaşayış icazəsi, xarici qrantlar və sonsuz videolar çəkmək imkanı olsa belə. Bütün bunlar insanın daxilindəki boşluğu doldurmur. Azərbaycan bu gün öz qiymətini bilən dövlətdir. O, vaxtilə çıxıb gedən, indi isə ona bərabərhüquqlu həmsöhbət kimi yanaşılmasını tələb edən şəxslər qarşısında özünü doğrultmağa ehtiyac duymur. "Bloqerlər"sə layiq olduqları cavabı aldılar. Nə müzakirə. Nə onları fikirlərindən daşındırmaq cəhdi. Sadəcə sakit, qətiyyətli və məsafəli münasibət. Çünki həqiqi hakimiyyət ölkəyə xidmət edir. Onlar isə yalnız öz eqolarına və yad maraqlara qulluq edirlər. Bütün fərq də elə bundadır. Bu "bloqer"ər məhz layiq olduqları cavabı aldılar. Nə geniş müzakirə. Nə də onları "inandırmaq" cəhdi. Əvəzində sakit, möhkəm və demək olar ki, laqeyd bir uzaqlaşma. Zira ciddi söhbəti yalnız səninlə eyni torpağın üzərində dayanan insanlarla aparmaq olar. Çoxdan başqa tərəfi seçənlərə isə həqiqəti demək və yoluna davam etmək kifayətdir. Məhz belə də oldu. Elçin Alıoğlu Milli.Az

Şərh verin