Şəhid anası qızına həyat verdi – Böyrəyini donor kimi bağışladı

44 günlük Vətən müharibəsində oğlunu itirən ana növbəti fədakarlığı ilə hər kəsi duyğulandırıb. Milli.Az xəbər verir ki, şəhid anası qızının sağlamlığı üçün donor olaraq böyrəyini ona bağışlayıb. Bu barədə həkim Eldar Əhmədov sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, həyata keçirilən transplantasiya əməliyyatı uğurla başa çatıb. Həkimin sözlərinə görə, hazırda həm donor olan ana, həm də böyrək köçürülən qızın müalicəsi davam edir və onların vəziyyəti qənaətbəxşdir. Şəhid anasının övladı üçün göstərdiyi bu fədakarlıq sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. İstifadəçilər ana sevgisinin və fədakarlığının ən təsirli nümunələrindən biri kimi bu hadisə ilə bağlı çoxsaylı paylaşım edərək ailəyə dəstək və xoş arzularını çatdırıblar. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)