Emin Hüseynov ermənilərə dəstəyi ilə yenidən gündəmdə — Video
Qadın paltarı geyərək İsveçrə səfirliyini tərk etməsi ilə tanınan Emin Hüseynov yenidən Azərbaycan əleyhinə fəaliyyəti ilə gündəmə gəlib. Belə ki, bu dəfə o, daşnak Ovsep Xurşudyanla ortaq layihəyə başlayıb. “Qafqazinfo” “BT News” teleqram kanalına istinadən xəbər verir ki, layihənin ilk qonağı isə təsadüfi olmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını inkar edən təxribatçı David Stepanyan olub. E.Hüseynov yeni erməni qardaşları ilə birlikdə ənənəsinə sadiq qalaraq Azərbaycanda demokratiyanın olmadığını iddia etməyə başlayıb. Paralel olaraq isə Ermənistanı tərifləyərək bildirib ki, guya bu ölkədə seçkilər nümunəvi şəkildə keçirilib, demokratiya çiçəklənir və siyasi məhbuslar isə ümumiyyətlə, mövcud deyil. Emin layihəsində nədənsə Ermənistanda müxalif qüvvələrin nümayəndələrinin saxlanılmasından danışmayıb. Görünür, o, kuratorlarının əhvalını pozmaq istəməyib. Onun erməni həmsöhbətləri isə, təbii olaraq, Azərbaycanın qaralanmasına yönəlmiş növbəti kampaniyaya məmnuniyyətlə qoşulublar. David Stepanyan həmçinin Qərbi Azərbaycan mövzusu ilə bağlı narazılığını ifadə edərək bunun guya sülh gündəliyinə zidd olduğunu iddia edib. Bununla belə, o, Azərbaycana qarşı tədbirlər keçirməyə davam edən, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən və separatçı simvollardan istifadə edən erməni revanşistləri barədə susmağa üstünlük verib. Ermənistanda bu cür revanşist əhval-ruhiyyənin mövcudluğundan hətta bu ölkənin Baş naziri Nikol Paşinyan da bəhs edib. Lakin Stepanyan buna məhəl qoymamağa üstünlük verir. Onun üçün Azərbaycanı ittiham etmək və özünü sülhün müdafiəçisi kimi təqdim etmək daha asandır. Daha sonra, Stepanyan Azərbaycanın guya Qarabağda erməni kilsələrini sökməsindən gileylənməyə başlayır. Lakin o bu zaman auditoriyaya xatırlatmaq istəmədi ki, Cenevrə və Haaqa konvensiyalarına əsasən, işğalçı tərəfin başqa ölkənin ərazisində tikinti aparmaq hüququ yoxdur. Həmin dövrdə inşa edilən tikililər, xüsusilə də əhalinin geri qayıdışını çətinləşdirmək məqsədi daşıyan tikililər qanunsuz hesab olunur. Yəni, bütün bunlar Azərbaycanın suveren ərazilərində yalnız bir məqsəd - işğalı möhkəmləndirmək və həmin dövrdə işğal altında olan torpaqlara azərbaycanlıların geri qayıdış prosesini çətinləşdirmək üçün inşa edilib. Deməli, o vaxt Azərbaycanın razılığı olmadan inşa edilən bütün tikililər qanunsuz hesab olunur və sökülməlidir. Bu hekayədə ən iyrənc məqam isə Emin Hüseynovun davranışıdır. Belə ki, o, qəfil olaraq ermənilərin qanunsuz tikililərinə görə narahat olmağa başlayıb, lakin uzun illər işğal altında qalmış ərazilərdə dağıdılmış Azərbaycan məscidlərini, qəbiristanlıqlarını, evlərini və mədəniyyət abidələrini Stepanyana bir dəfə də olsun xatırlatmayıb. Məhz elə həmin o anda maska tamamilə düşüb. Emin həmsöhbətlərinin iddialarına etiraz etməyə belə cəhd göstərməyib. Əksinə, onlara həvəslə dəstək verərək efirin Azərbaycana qarşı ittihamlar səsləndirilən növbəti platformaya çevrilməsinə kömək edib. O, müharibədən əvvəl də açıq şəkildə erməni mövqeyini dəstəkləyirdi. Buna görə də, Eminin növbəti layihəsi nə jurnalistika, nə də diskussiyadır. Bu, Azərbaycanın qaralanma kampaniyası üçün rolların əvvəlcədən bölüşdürüldüyü növbəti dairədir. Burada biri ittiham edir, digərləri isə onu dəstəkləyir, Emin isə özünün yeni tərəfdaşlarının rəğbətini qazanmağa çalışır.

Şərh verin