Braziliyaya gedib ölkə prezidentini təhqir etdi

Argentina Prezidenti Xavyer Miley Braziliyada qarşıdan gələn prezident seçkilərində senator Flavio Bolsonaroya dəstək olmaq üçün bu ölkəyə səfər edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb. Liberal Partiyanın San-Pauluda keçirilən qurultayında çıxış edən Miley hazırkı dövlət başçısı Luiz İnasiu Lula da Silvanı “lənətəgəlmiş solçu” adlandırıb, onun hökumətini isə kəskin tənqid edib. Bu açıqlamalara cavab olaraq Braziliya Xarici İşlər Nazirliyi (XİN) Argentinadakı səfiri Xulio Bitellini məsləhətləşmələr üçün geri çağırıb. Bu qərarın “siyasi tədbir zamanı Prezident Mileyin səsləndirdiyi təhqirlərinə görə” atıldığı bildirilib. Qeyd edək ki, Braziliyada prezident seçkilərinin bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılıb. Seçkilərdə hazırkı dövlət başçısı Lula da Silvanın əsas rəqibi Flavio Bolsonaro hesab olunur. O, ölkənin sabiq prezidenti Jair Bolsonaronun oğludur. J.Bolsonaro 2022-ci il seçkilərində məğlub olduqdan sonra demokratik quruluşu devirmək məqsədilə çevriliş planlaşdırmaqda təqsirli bilinərək 27 il 3 aylıq həbs cəzasına məhkum edilib .