Heyvan dişləməsi nəticəsində bu xəstəliklər yaranır

Heyvan dişləmələri nəticəsində insanlarda tetanus və quduzluq kimi təhlükəli xəstəliklər yarana bilər. Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib. Onun sözlərinə görə, heyvanlar vasitəsilə insana keçən xəstəliklər zoonoz xəstəliklər qrupuna daxildir və xüsusi təhlükəli infeksiyalar hesab olunur. A. Qurbanova bildirib ki, quduzluq virusu bir çox istiqanlı heyvan növlərində rast gəlinir: "Bunlara həm ev, həm də vəhşi heyvanlar daxildir. Lakin virusa daha çox canavar, çaqqal, tülkü, yenota bənzər heyvanlar, pişiklər və iri buynuzlu qaramal meyllidir". Şöbə müdirinin sözlərinə görə, sadalanan heyvanlar arasında canavar, çaqqal və tülkülərdə quduzluq virusunun patogenliyi daha yüksək olur. O əlavə edib ki, quduzluq virusu ətraf mühitdə davamlı deyil və birbaşa günəş şüalarının, eləcə də aşağı temperaturun təsiri altında məhv olur. Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)