Quduzluğun ilk əlamətləri nələrdir?
Quduzluq vaxtında müalicə olunmadıqda ölümcül nəticələrə səbəb ola bilər. Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib. Onun sözlərinə görə, xəstəlik üç mərhələdə inkişaf edir. İlk mərhələdə yüngül hərarət, dişlənən nahiyədə qaşınma və qıcıqlanma müşahidə olunur. Daha sonra xəstədə aqressivlik, depressiya, sudan və işıqdan qorxma kimi əlamətlər yaranır. Son mərhələdə isə iflic inkişaf edir, hərarət 40 dərəcəyə qədər yüksəlir. A. Qurbanova bildirib ki, klinik əlamətlər başladıqdan sonra müalicə effektiv olmur və vaxtında tibbi yardım göstərilmədiyi halda quduzluq 100 faiz ölümlə nəticələnə bilər. O vurğulayıb ki, heyvan dişləməsindən dərhal sonra vaksinasiya kursuna başlanılması xəstəliyin qarşısını tam almağa imkan verir. Nəzərə çatdırıb ki, heyvan tərəfindən təkrar dişlənmə zamanı tətbiq olunacaq vaksinasiya sxemi ilk müalicə kursundan asılıdır. Onun sözlərinə görə, məlum heyvan tərəfindən dişlənən şəxslərə adətən 3 doza, naməlum və ya müşahidə mümkün olmayan heyvanlar tərəfindən xəsarət alanlara isə 5 doza antirabik vaksin vurulur: "Yalnız tam vaksinasiya kursunu başa vurmuş şəxslərdə bir il ərzində təkrar dişlənmə zamanı qısaldılmış vaksinasiya sxemi tətbiq edilir". Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Şərh verin