“Referans Medical Group” “Hepatitsiz Azərbaycan 2027” layihəsinə start verdi — Fotolar

Hər il dünyada milyonlarla insan hepatit viruslarına yoluxur. Xəstəliyin ən təhlükəli xüsusiyyətlərindən biri uzun müddət heç bir əlamət vermədən inkişaf etməsi və əksər hallarda yalnız gec mərhələdə aşkarlanmasıdır. Bu səbəbdən erkən diaqnostika, müntəzəm müayinələr və maarifləndirmə hepatitlə mübarizədə mühüm əhəmiyyət daşıyır. “Qafqazinfo” xəbər verir ki, məhz bu məqsədlə “Referans Medical Group” “Hepatitsiz Azərbaycan 2027” adlı genişmiqyaslı sosial layihəyə start verib. Bir il davam edəcək layihə hepatit infeksiyaları ilə bağlı məlumatlılığın artırılması, erkən diaqnostikanın təşviqi və profilaktik tədbirlərin genişləndirilməsinə yönəlmiş kompleks fəaliyyət proqramıdır. Layihənin ilk mərhələsi artıq Mingəçevirdə fəaliyyət göstərən “Referans MediPark Hospital”, “Referans Göyçay Tibb Mərkəzi”, “Referans Naxçıvan Tibb Mərkəzi”, “Referans Sumqayıt Tibb Mərkəzi”, “Referans Əhmədli” və “Referans Bayıl” filiallarında uğurla həyata keçirilib. Təşkil olunan ödənişsiz skrininq aksiyaları çərçivəsində hepatit B və C üzrə müayinələr aparılıb. Müayinələrin nəticələri “Referans Medical Group”un peşəkar həkimləri tərəfindən qiymətləndirilib. Layihənin növbəti mərhələlərində “Referans Medical Group”un Bakı və regionlarda fəaliyyət göstərən digər filiallarında ödənişsiz həkim qəbullarının və hepatit üzrə skrininq aksiyalarının təşkili, təhsil müəssisələrində maarifləndirici seminarların, korporativ şirkətlər üçün xüsusi təlim və müayinə proqramlarının keçirilməsi, infeksionist və hepatoloq həkimlərin iştirakı ilə maarifləndirici videoçarxların hazırlanması, tibb universitetlərinin tələbələri və tibb işçiləri üçün elmi-praktik konfrans və seminarların təşkili, hepatitlə bağlı maarifləndirici materialların hazırlanaraq ictimaiyyətə təqdim edilməsi, əhali arasında sosial sorğuların aparılması, həmçinin iştirakçılar üçün müxtəlif güzəştli müayinə və tibbi xidmət imkanlarının yaradılması nəzərdə tutulur. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək hepatitin ictimai sağlamlıq üçün təhlükə yaradan xəstəliklər sırasından çıxarılmasını qarşıya məqsəd qoyub. “Referans Medical Group” da “Hepatitsiz Azərbaycan 2027” layihəsi vasitəsilə bu qlobal hədəfin reallaşmasına dəstək verməyi, ölkəmizdə hepatitlə mübarizənin gücləndirilməsinə xidmət etməyi və cəmiyyətdə sağlam həyat tərzinin təşviqini hədəfləyir. Çünki hər bir vaxtında aparılan müayinə qorunmuş ailə, xilas edilmiş həyat və daha sağlam Azərbaycan deməkdir. Referansla hepatitsiz gələcəyə doğru!