ABŞ-ın İordaniyadakı bazasında 3 F-35 məhv edilib

İran ABŞ-ın İordaniyadakı "Əl-Əzraq" aviabazasına endirilən zərbə nəticəsində 3 ədəd F-35 qırıcısının məhv edildiyini iddia edib. Milli.Az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi xəbər yayıb. Məlumata əsasən, SEPAH ABŞ-ın Qeşm adasına endirdiyi və iki valideynlə bir uşağın həlak olduğu zərbəyə cavab olaraq İordaniyadakı "Əl-Əzraq" aviabazasını ballistik raketlərlə hədəfə alıb. İran tərəfi bildirir ki, hücum zamanı F-35 qırıcılarının yerləşdiyi perron və texniki xidmət anqarı vurulub. İddiaya görə, nəticədə 3 F-35 tamamilə məhv edilib, daha 3 təyyarəyə ciddi ziyan dəyib. Həmçinin hücum zamanı amerikalı zabitlərin və texniki heyət üzvlərinin öldüyü iddia olunur. ABŞ və İordaniya rəsmiləri isə bu iddiaları hələlik təsdiqləməyiblər. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)