Avropada saxta sənət əsərləri satmaq istədi — 130 milyonluq “şedevr” fırıldaqçılığı
Almaniyanın Bavariya əyalətində məşhur rəssamların əsərlərinin saxta nüsxələrini milyonlarla avroya satmaq istəyən şəxs ifşa edilib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 77 yaşlı Bavariya sakini saxta əsərləri orijinal kimi təqdim edərək onları 400 min avrodan 130 milyon avroya qədər qiymətlərlə satışa çıxarmağa cəhd edib. Satışa təqdim edilən əsərlər arasında Pablo Pikasso, Rembrandt van Reyn və Peter Paul Rubens kimi dünyaşöhrətli rəssamların tablolarının surətləri də olub. İstintaq zamanı müəyyən edilib ki, şübhəli şəxs Rembrandta aid bir əsərin saxta surətini 120 milyon İsveçrə frankına (təxminən 130 milyon avro) satmağa çalışıb. Qeyd olunur ki, həmin əsərin XVII əsrə aid orijinalı hazırda Amsterdamdakı Milli Muzeydə saxlanılır. İlkin məlumata görə, saxta tablo XX əsrdə hazırlanıb və isveçrəli bir qadına məxsus olub. Təqsirləndirilənlər alıcıları aldadaraq əsərin orijinal olduğunu sübut etməyə çalışıb, hətta Amsterdam muzeyindəki əsərin “saxta” olduğunu iddia ediblər. Saxta tablo İsveçrədə müsadirə olunub, həmin qadın barəsində də istintaq aparılır. Əməliyyat çərçivəsində Almaniyanın 11 şəhərində, İsveçrənin beş kantonunda və Lixtenşteyndə axtarışlar aparılıb, çoxlu sayda sənəd, rəqəmsal məlumat daşıyıcıları və saxta sənət nümunələri ələ keçirilib.

Şərh verin