Şəkidə talassemiya ilə bağlı konfrans və qanvermə keçirildi — Fotolar

Şəki şəhər Heydər Əliyev Mərkəzində “Talassemiya – cəmiyyətə bir mesaj” adlı konfrans keçirilib, həmçinin talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub. “Qafqazinfo” xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin və talassemiyanın profilaktikası sahəsində maarifləndirmə fəaliyyəti ilə tanınan sosial təşəbbüsçü Ayşən Abdullayevanın təşkilatçılığı ilə həyata keçirilən layihənin ümumi rəhbəri və aparıcısı Elvin Nüsrətoğlu olub. Tədbirdə əvvəlcə talassemiya xəstəliyi və onun yaratdığı fəsadlar haqqında məlumatı, qarşısının alınması yollarını və cəmiyyətin bu istiqamətdə üzərinə düşən məsuliyyəti əks etdirən videoçarx nümayiş olunub. Panel çərçivəsində ekspertlər talassemiyanın yaranma səbəbləri, profilaktik tədbirlər, erkən diaqnostikanın əhəmiyyəti, müasir müalicə üsulları və qan donorluğunun vacibliyi barədə ətraflı məlumat verərək cəmiyyətin bu xəstəliklə mübarizədə daha həssas və məsuliyyətli olmasının vacibliyini vurğulayıblar. Daha sonra “Ürəkdən Qana” layihəsinin rəhbəri Ayşən Abdullayeva çıxış edərək talassemiya ilə bağlı şəxsi həyat hekayəsini iştirakçılarla bölüşüb. O, 14 yaşında övladını bu xəstəlik səbəbindən itirməsinin yaratdığı ağrıdan, bir valideyn kimi yaşadığı çətinliklərdən və hazırda talassemiya ilə mübarizə aparan uşaqlara göstərdiyi dəstək fəaliyyətindən danışıb. Onun səmimi çıxışı auditoriya tərəfindən böyük həssaslıqla qarşılanıb. Panel müzakirələrinin sonunda iştirakçılar ekspertlərə çoxsaylı suallar ünvanlayıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar. Layihənin davamı olaraq Şəki Dövlət Dram Teatrında “Talassemiya – Qan Birliyi” adlı könüllü qanvermə aksiyası təşkil olunub. Aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılması, talassemiya xəstələrinə dəstək göstərilməsi və cəmiyyətdə könüllü qan donorluğu mədəniyyətinin daha da geniş təşviq edilməsidir.