Trampdan İrana — Sərt mesaj
“Razılaşmaya əməl etməsələr, lazım olanı edəcəyəm”. “Qafqazinfo” xəbər verir ki,bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə, Oval ofisdə keçirilən imzalama mərasimindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Tramp İranla aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyini bildirsə də, Tehrana sərt xəbərdarlıq edib. O, İranın razılaşmanın şərtlərinə əməl etməyəcəyi təqdirdə Vaşinqtonun qəti addımlar atacağını bəyan edib: “Əgər İran razılaşmanın şərtlərini yerinə yetirməsə və ya düzgün davranmasa, lazım olanı edəcəyəm”. ABŞ Prezidenti İranın son qarşıdurmalarda ciddi itkilər verdiyini deyərək, ölkənin hərbi imkanlarının böyük ölçüdə zəiflədiyini bildirib. “Onların donanması yoxa çıxıb, hava qüvvələri sıradan çıxıb, liderləri öldürülüb, iqtisadiyyatları çöküb”, – deyə Tramp vurğulayıb. O, həmçinin İranın raket arsenalı, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin də ağır zərbələr aldığını dilə gətirib. Tramp Hörmüz boğazının açıq qalmasının ABŞ üçün əsas prioritetlərdən biri olduğunu qeyd edərək bildirib ki, Vaşinqton bölgədə vəziyyətə tam nəzarət edir: “İki mühüm nəticə əldə etmişik. Birincisi, Hörmüz boğazı açıqdır və açıq qalacaq. İkincisi, İran heç vaxt nüvə silahına sahib olmayacaq”. Prezident əlavə edib ki, zərurət yaranarsa, İrana qarşı dəniz blokadası kimi sərt tədbirlər yenidən tətbiq oluna bilər. Onun sözlərinə görə, belə addımlar bəzən hava zərbələrindən daha effektiv nəticə verir. İsrailin Livandakı hərbi mövcudluğu ilə bağlı suala cavab verən Tramp isə konkret mövqe bildirməkdən yayınaraq, administrasiyasının regional böhranları həll etmək gücünə malik olduğunu deyib: “Mən problem həll edənəm, problemləri çox tez həll edirəm”. ABŞ Prezidenti eyni zamanda vitse-prezident Ceyms Devid Vensin İsveçrədə ABŞ-İran danışıqlarındakı fəaliyyətini yüksək qiymətləndirərək, onun “əla iş gördüyünü” bildirib və İsveçrədə keçirilən danışıqları uğurlu adlandırıb.

Şərh verin