Soğanlı badımcan salatı resepti
Közlənmiş badımcanın tüstülü ətri, qırmızı bibərin yüngül şirinliyi və təzə soğanın özünəməxsus toxumasını birləşdirən bu salat süfrələr üçün həm təravətli, həm də iştahaaçan bir məzə alternatividir. Zeytun yağı, limon suyu və təzə göyərtilərlə zənginləşən bu salat dincəldikcə ləzzəti daha da artır. Milli.Az lazım olan ərzaqları təqdim edir: 5 ədəd orta boy badımcan 4 ədəd qırmızı kapya bibəri 1 ədəd orta boy quru soğan 3 diş sarımsaq 3 xörək qaşığı zeytun yağı Yarım limonun suyu 2 xörək qaşığı nar turşusu (narşərab - zövqə görə) Yarım dəstə incə doğranmış cəfəri 1 çay qaşığı duz, yarım çay qaşığı qara istiot Hazırlanması: Badımcanları və kapya bibərlərini soba, manqal və ya ocaq üzərində tam yumşalana qədər közləyin. Közlənmiş tərəvəzləri bir qaba qoyub üzərini örtərək bir neçə dəqiqə gözləyin (bu, qabıqlarının daha rahat soyulmasını təmin edir). Daha sonra qabıqlarını soyun. Badımcan və bibərləri bıçaqla çox da kiçik olmayacaq şəkildə doğrayıb geniş bir qaba alın. Quru soğanı aypara şəklində doğrayın (soğanın acılığını azaltmaq üçün doğradıqdan sonra bir neçə dəqiqə soyuq suda saxlayıb süzə bilərsiniz). Əzilmiş sarımsaq, xırda doğranmış cəfəri, zeytun yağı, limon suyu, nar turşusu, duz və istiotu əlavə edin. Bütün ərzaqları tərəvəzləri əzmədən nazikcə qarışdırın. Salatı bir qaba alıb üzərini örtün və soyuducuda təxminən 30-45 dəqiqə dincəldin. Servis etməzdən əvvəl yüngülcə qarışdırın, üzərinə bir az zeytun yağı gəzdirib cəfəri ilə bəzəyərək süfrəyə verin. Tərəvəzləri yüksək odda yaxşıca közləmək salata o xarakterik tüstülü dadı verən əsas məqamdır. Badımcanları doğradıqdan sonra artıq suyunu süzmək salatın daha qatı və ləzzətli olmasına kömək edir. Salatı servis etməzdən əvvəl mütləq soyuducuda dincəldin, bu zaman bütün ətirlər bir-birinə qarışacaq. Zeytun yağı və limon suyunu servis etməyə çox az qalmış əlavə etsəniz, salatınız daha parlaq və təzə görünəcək. Nuş olsun! Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Şərh verin