Ukraynalı oliqarx ailəsi ilə birgə partlayışda yaralandı — Vəziyyəti ağırdır

Monakoda yaşayış binasında partlayış baş verib. “Qafqazinfo” “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, partlayış nəticəsində xəsarət alanlardan biri ukraynalı oliqarx Vadim Yermolayevdir. Məlumata əsasən, partlayış zamanı Yermolayev, həyat yoldaşı və 13 yaşlı oğlu binada olublar. Valideynlər ağır xəsarət alıblar, yeniyetmənin vəziyyətinin isə daha yüngül olduğu bildirilir. Partlayış bu gecə vaxtla saat 21:00 radələrində Fransa sərhədinə yaxın yerləşən yaşayış binasında baş verib. İstintaqın ilkin versiyasına görə, naməlum şəxs binanın girişində çanta və ya bağlama qoyaraq ərazini tərk edib, qısa müddət sonra isə partlayış baş verib. Təhlükəsizlik kameraları şübhəlinin hadisə yerindən Fransa istiqamətində qaçdığını qeydə alıb. Hadisənin motivi hələlik məlum deyil, şübhəlinin axtarışları davam edir.