AzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq genişlənir — Fotolar

Azərbaycan Texniki Universitetində (AzTU) müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri iştirak edib. Rektor Vilayət Vəliyev qonaqları salamlayaraq AzTU ilə Müdafiə Sənayesi Nazirliyi (MSN) arasında uzun illərdir uğurla davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, son dövrlərdə universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən yeniliklər, xüsusilə müdafiə sənayesi üçün yüksəkixtisaslı mühəndis kadrlarının hazırlandığı Xüsusi texnika və texnologiya fakültəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Rektor bildirib ki, fakültədə idarəetmə modelinin təkmilləşdirilməsi, təhsil və elmi fəaliyyətin müdafiə sənayesinin müasir çağırışlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu dəyişikliklərin əsas məqsədi universitet-sənaye əməkdaşlığının daha da gücləndirilməsi və müdafiə sənayesi üçün innovativ həllərin hazırlanmasına töhfə verməkdir. Vilayət Vəliyev qeyd edib ki, 2025-ci il mayın 26-da Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn fəaliyyətlər AzTU-da mərhələli şəkildə icra olunur. Bu çərçivədə AzTU ilə Gebze Texniki Universiteti arasında 2026-2027-ci tədris ilindən həyata keçiriləcək materiallar mühəndisliyi ixtisasının enerji və enerji tutumlu materiallar ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına ilk qəbul aparılacaq. Rektor Müdafiə Sənayesi Nazirliyinə proqramın həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib və bu əməkdaşlığın ölkənin müdafiə sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcəyini vurğulayıb. Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov səmimi qəbula və qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, AzTU ilə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını qeyd edib. Hidayət Əzimov Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin birgə təşəbbüsü ilə artıq ikinci dəfə təşkil olunacaq İxtisaslaşmış Akademik Tədris Proqramının həyata keçirilməsində universitet rəhbərliyinin dəstəyini yüksək qiymətləndirib. Bildirib ki, sözügedən proqram müdafiə sənayesinin ehtiyaclarına uyğun mühəndis kadrlarının hazırlanmasına mühüm töhfə verir. Nazir müavini həmçinin AzTU ilə Gebze Texniki Universiteti arasında həyata keçiriləcək ikili diplom proqramının ölkənin elmi-texnoloji potensialının gücləndirilməsi və müdafiə sənayesinin yüksəkixtisaslı mütəxəssislərlə təmin olunması baxımından xüsusi əhəmiyyətini vurğulayıb. Görüşdə müdafiə sənayesi istiqamətində həyata keçirilməsi planlaşdırılan birgə layihələr, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, innovativ texnologiyaların inkişafı, insan kapitalının gücləndirilməsi, mütəxəssis hazırlığı, tələbələrin istehsalat təcrübəsi və universitet-sənaye əməkdaşlığının yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.