Süni intellekt "Trend İnformasiya Agentliyi"nin xəbər redaksiyasının rəhbərlərindən birinə çevrilib

Trend İnformasiya Agentliyinin xəbər redaksiyasının rəhbərlərindən biri süni intellekt olub. Milli.Az xəbər verir ki, yeni virtual əməkdaş kollektivdə demək olar ki, dərhal "Qoblin" ləqəbini qazanıb. "Açığını desəm, Qoblin agentlikdə ən sərt rəhbərdir. Jurnalistlər onu ən güzəştsiz, ən tələbkar rəhbər hesab edirlər. Bu onunla bağlıdır ki, o, çox sürətlidir, onunla razılaşmaq mümkün deyil, heç kim üçün istisna etmir və standartlara uyğun olmayan materialın xəbər lentində yayımlanmasına icazə vermir", - deyə Trend-in baş redaktoru Emin Əliyev Day.Az-a bildirib. Süni intellekt redaktoru hansı xəbərin sonda xəbər lentində dərc olunacağına, hansının isə dərc edilməyəcəyinə qərar verir. "İki ay əvvəl Trend yeni biznes modelini işə saldıqdan sonra Qoblinin rolu daha da əvəzolunmaz olub. Süni intellekt artıq Trend-in unikal rəqəmsal platformasına, o cümlədən marketinq sisteminə dərindən inteqrasiya edilib ki, bu da müasir media sahəsində ən qabaqcıl texnoloji həllərə uyğundur. Beynəlxalq xəbər bazarında təmsil olunmaq üçün dünya standartlarına uyğunluq vacib şərtdir. Bu isə Trend-in xəbərlərini qlobal informasiya məkanında daha uğurla irəli aparmasına imkan verəcək", - deyə Əliyev əlavə edib. Onun sözlərinə görə, bu gün dünyanın aparıcı KİV-ləri redaksiya proseslərində süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edirlər. "Biz hesab edirik ki, Trend agentliyi bu dəyişikliklərin ön sıralarında olmalıdır. Rəqəmsal platformamız və tətbiq etdiyimiz süni intellekt alətləri müasir tələblərə tam uyğundur", - deyə baş redaktor vurğulayıb. O əlavə edib ki, yeni rəqəmsal redaktorun səlahiyyətləri mərhələli şəkildə daha da genişləndiriləcək. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)