"Netflix" yeni yayımlara hazırlaşır

"Netflix" platforması gələcəkdə fasiləsiz canlı yayımlar təqdim edən xətti və tematik televiziya kanalları yaratmağı nəzərdən keçirir. Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" şirkətin rəhbərliyinin son strateji iclasına istinadən məlumat yayıb. Bildirilir ki, bu addım son dövrlər istifadəçi aktivliyinin azalması fonunda gündəmə gəlib. Striminq bazarında lider mövqeyini qorusa da, şirkətin səhmləri son bir ildə əhəmiyyətli dərəcədə ucuzlaşıb və izlənmə göstəriciləri zəifləyib. Məlumata əsasən, "Netflix" digər yayım platformalarının, o cümlədən "Peacock" xidmətinin abunəliklərini də öz sistemi üzərindən təqdim etmək imkanlarını araşdırır. Ekspertlər hesab edirlər ki, artan rəqabət və reklam dəstəkli platformaların sürətlə populyarlaşması şirkəti yeni inkişaf strategiyaları üzərində işləməyə məcbur edib. Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)