Bu layihə rəqəmsal transformasiya prosesinin sürətlənməsinə töhfə verdi

“Huawei” şirkəti “Tech4all” layihəsi çərçivəsində Azərbaycanda ev və biznes təsərrüfatlarının genişzolaqlı internetə çıxışının təmin olunmasını əks etdirən sənədli film və silsilə məqalələr yayımlayıb. “Qafqazinfo” xəbər verir ki, filmdə “Onlayn Azərbaycan” layihəsinin sadə insanların və kiçik biznes sahiblərinin həyatına təsirindən bəhs olunub. Çəkilişlərin böyük əksəriyyəti Quba rayonunun Xınalıq kəndində aparılıb. Filmdə kəndin unikal relyefi və zəngin tarixi xüsusi vurğulanıb, Xınalığı səfər edən turistlərlə müsahibələr təqdim olunub. Eyni zamanda kənd əhalisinin müxtəlif məşğulluq sahələri işıqlandırılıb, məktəblilər, müəllimlər və yerli sahibkarların fikirlərinə yer verilib. Əsas operatorlarından biri “Aztelekom” MMC olan “Onlayn Azərbaycan” meqalayihəsi ölkənin ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxış, həmçinin istifadəni asanlaşdıran innovativ həllər təqdim edərək insanların rifahını yaxşılaşdırmaq məqsədilə həyata keçirilib. Layihə bərabər rəqəmsal imkanların genişlənməsinə və rəqəmsal transformasiya prosesinin sürətlənməsinə töhfə verib. Belə ki, “Onlayn Azərbaycan”ın icra edildiyi 4 il ərzində ölkədə sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib. Qeyd edək ki, “TECH4ALL” “Huawei” şirkətinin uzunmüddətli rəqəmsal inteqrasiya təşəbbüsüdür. Əsası 2019-cu ildə qoyulan bu layihə innovativ texnologiyalar və tərəfdaşlıqlar vasitəsilə daha inklüziv və dayanıqlı rəqəmsal dünya qurmağı hədəfləyir.