Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
Aşura günü münasibətilə Azərbaycanda ənənəvi qanvermə aksiyasına start verilib. Milli.Az xəbər verir ki, aksiya çərçivəsində ilk qanvermə tədbirlərindən biri Bakıda yerləşən "Təzəpir" məscidində keçirilir. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, eləcə də ölkədə fəaliyyət göstərən müxtəlif dini icmaların nümayəndələrinin iştirakı nəzərdə tutulub. Qanvermə aksiyaları Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Bərdə, Quba, Masallı, Göyçay, Xaçmaz, Salyan, Şuşa, Ağdam və Naxçıvan da daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunub. Paytaxtda qanvermə məntəqələri "Təzəpir", Əjdərbəy, "Sahib-əz-Zaman", "Şah Abbas", "Bibiheybət", "İmam-Rza", "Qaraçuxur", "İmam Əli" və digər məscidlərdə, həmçinin İlahiyyat İnstitutunda fəaliyyət göstərir. Regionlarda isə aksiyalar "İmamzadə", "Cümə", "Heydər", "Əbülfəzlil Abbas", "Yuxarı Gövhər ağa" məscidlərində, eləcə də Mərkəzi Qan Bankının bölmələri, rayon mərkəzi xəstəxanaları və kənd həkim məntəqələrində keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan aksiya zamanı toplanan qan ehtiyatları hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin