Özünün və digərlərinin həyatını təhlükəyə atdı — Yenilənib - Video

Bakıda yolda texniki nasazlıqla üzləşmiş avtomobillərin sürücülərinin digər hərəkət iştirakçıları üçün xəbərdaredici işarələrdən istifadə etməməsi adi hala çevrilib. “Qafqazinfo” xəbər verir ki, belə hadisələrdən biri Xəzər rayonu ərazisində - Zuğulba-Bilgəh yolunda qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil sürətli yolun döngə hissəsində texniki səbəbdən dayansa da, onunla eyni istiqamətdə gələn və görmə məsafəsi az olan digər nəqliyyat vasitələri üçün heç bir xəbərdaredici işarə qoymayıb. Nəticədə, yolda qəza şəraiti yaranıb. Bu hal digər avtomobillər kimi, nasaz olan nəqliyyat vasitəsi və sürücüsü üçün də təhlükəlidir. Qeyd edək ki, bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunda texniki nasazlıq səbəbindən qalan avtomobil ağır qəzaya səbəb olmuş və tanınmış hüquqşünas Fərhad Mehdiyevin motosikletlə hərəkət edən qızı həlak olmuşdu . *** Bakı Şəhər DYP İdarəsindən bildirilib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsi sıradan çıxdıqda sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu, mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsi ilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyninə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. “Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Bununla yanaşı, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsinlər. Odur ki, sürücülər diqqətli olmalı və belə hal yaşandığı təqdirdə təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər”, - məlumatda vurğulanıb.