Talassemiya ilə bağlı miflər və həqiqətlər
"Talassemiya ilə bağlı cəmiyyətdə formalaşmış bir sıra yanlış təsəvvürlər mövcuddur və bu yanaşmalar həm xəstələrin həyat keyfiyyətinə, həm də profilaktik tədbirlərin effektivliyinə mənfi təsir göstərir". Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Avesta Allahverdiyeva səsləndirib. Hematoloqun sözlərinə görə, ən geniş yayılmış yanlış təsəvvürlərdən biri talassemiyanın yoluxucu xəstəlik hesab edilməsidir: "Əslində isə talassemiya irsi, yəni genetik xəstəlikdir və yalnız valideynlərdən uşağa genlər vasitəsilə ötürülür. Xəstəlik gündəlik ünsiyyət, təmas və ya birgə yaşayış yolu ilə yayılmır. Digər yanlış fikir isə yalnız talassemiyalı valideynlərin uşaqlarında bu xəstəliyin yarana biləcəyidir. Halbuki əksər hallarda hər iki valideyn talassemiya daşıyıcısı olduqda xəstə uşaq dünyaya gələ bilər. Məhz buna görə də nikahdan əvvəl tibbi müayinələrin aparılması xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətdə talassemiyanın sağalmaz və ümidsiz xəstəlik olduğu barədə də yanlış düşüncə mövcuddur. Müasir tibbin imkanları sayəsində müntəzəm qan köçürmələri, dərman müalicəsi və bəzi hallarda sümük iliyi transplantasiyası ilə xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkündür. Bununla yanaşı, talassemiyalı şəxslərin normal həyat sürə bilmədiyi barədə fikir də həqiqəti əks etdirmir. Düzgün tibbi nəzarət və müalicə ilə onlar təhsil ala, əmək fəaliyyəti ilə məşğul ola və cəmiyyətin fəal üzvləri kimi yaşaya bilirlər". Avesta Allahverdiyeva bildirib ki, talassemiya daşıyıcılığı ilə bağlı mövcud olan bəzi düşüncələr də həqiqətə uyğun deyil: "Talassemiya daşıyıcıları, bir qayda olaraq, praktiki sağlam hesab olunurlar. Risk yalnız hər iki tərəfin daşıyıcı olduğu nikahlarda meydana çıxır. Buna görə də talassemiya ilə mübarizədə əsas amillərdən biri düzgün maarifləndirmədir. Cəmiyyət doğru məlumatlandırıldıqca həm xəstələrin həyat keyfiyyəti yüksəlir, həm də gələcək nəsillərdə talassemiyanın yayılmasının qarşısının alınmasına töhfə vermək mümkün olur". Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Şərh verin