Niyazi Bayramov media nümayəndələri ilə görüşdü — Fotolar
22 İyul – Milli Mətbuat Günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Qərb bölgəsində fəaliyyət göstərən media nümayəndələri ilə görüşüb, onların şərəfinə ziyafət təşkil olunub. “Qafqazinfo” xəbər verir ki, şəhər rəhbəri çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev demokratik cəmiyyətin qurulmasında mətbuatın roluna hər zaman xüsusi önəm verib, senzuranın ləğvi və medianın azad, müstəqil fəaliyyət göstərməsi üçün mühüm addımlar atıb. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi dövlət-media münasibətləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, medianın inkişafı istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Niyazi Bayramov media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb, cəmiyyətin düzgün məlumatlandırılması, milli maraqların qorunması və dövlətçilik dəyərlərinin təbliğində göstərdikləri xidmətləri yüksək qiymətləndirib. Çıxış edən media nümayəndələri ölkədə mətbuatın inkişafına göstərilən dövlət qayğısından bəhs edərək minnətdarlıqlarını ifadə ediblər. Sonda xatirə şəkli çəkdirilib. Qeyd edək ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş və 1875-ci ilin 22 iyul tarixində nəşrə başlayan “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın təməli qoyulub. 1991-ci ildən etibarən bu tarix ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərib. Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də mediamıza daim yüksək diqqət yetirib. Son illərdə media qurumlarının maddi-texniki təminatı gücləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Şərh verin