“Bu, vətəndaşın üzərinə əlavə yük gətirmir...”
Milli Məclisdə 2026-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ayrılan vəsaitin azaldılması məsələsi müzakirə olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Rəşad Mahmudov bu gün keçirilən plenar iclasda danışıb. Millət vəkilinin sözlərinə görə, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitdə qətiyyən azalma yoxdur: “Burada İTSDA-ya ayrılan vəsaitin azalması sistemin zəifləməsi deyil, əksinə, onun dayanıqlılığının artdığının göstəricisidir. Bu, illər əvvəldən əsası qoyulan keçidin təmini üçündür. Çünki sığorta sistemi artıq yalnız dövlətin deyil, həm də işəgötürənlərin ödənişləri hesabına formalaşan müstəqil mexanizmə çevrilir. Dünyanın heç bir ölkəsində də tibbi sığorta sadəcə dövlət tərəfindən qarşılanmır, bizdə dövlət ilk vaxtlarda buna sadəcə tampon olaraq dəstək verib. Ehtiyac olduğu müddət içərisində dövlət bu dəstəyi əsirgəməyib. Bu, vətəndaşın üzərinə əlavə yük gətirmir, əksinə məqsəd odur ki, xidmətlər daha keyfiyyətli olsun. Bu günə qədər əsas məqsədlərdən biri şəffaf və bərabər əsaslarla əlçatan sistemin qurulması idi”. R.Mahmudov əlavə edib ki, bu gün tibbi sığorta çərçivəsində minlərlə əməliyyat və yüzlərlə xidmət göstərilir: “Fondun maliyyə bazası diversifikasiya olduqca xidmətlərin sayı da artacaq. Bununla əlaqədar hökumət adından inanılmaz şəkildə hökmlər verilir. Dövlət sosial müdafiə mexanizmi aztəminatlı, işsiz və həssas təbəqələri qorumaqda davam edəcək. Onların tibbi sığortaları dövlət tərəfindən qarşılanır. Bu, əsas bünövrə prinsiplərindən biri olub və davam edəcək. Burada məqsəd odur ki, insanlar rəsmi qeydiyyatdan keçməklə həm pensiya, həm sosial, həm də tibbi təminat imkanı qazansınlar. Bu da kifayət qədər ədalətli yanaşmadır. Nuranə Daxilqızı

Şərh verin